Məlihə Əzizpur
27/6/2008 ·

:: Məlihə Əzizpur
1
Bura ət bazarı!
Kimisi göz
Kimisi dil
Kimisi beyin
Kimisi boyun
Kimisi qursaq…
Və, ayrıca
Neçə batman kimiləri
Baha – baha döşəniblər tabaqlara…
Bura ət bazarı!
Özlük ucuzluğu
Alana minnət…
2
Daha çıldırmışam nanay nay…!
Indi mənim o yerimdir
Dünyanı təp – çevir edəm.
Nə olacaq
Məni tutub asacaqlar
Ya, canımı alacaqlar?!
Bax… indicə
Sədaqəti suya qatıb içəcəyəm
Həqiqəti bəllələyib yeyəcəyəm.
Nə vecimə
Boğazımdamı qalacaq
Yoxsa, kəkliyim azacaq?!
Daha çıldırmışam nanay… nay…!
əlimi, lap uca yerə qoymuşam
dəliliyimin, son noqtasını qoymuşam
bu qonunu, saf vicdandan duymuşam:
“yaşam, çapıb – çapılmaqdadır
Çapmasan, çapılacaqsan”…
Çıldırmışam daha,
Nanay… nay…
3
O, leyli kimi – şirin kimi bir gözəldir!
Yerişi kəklik
Duruşu tovuz
Gülüşü roz gülü təkdir.
Hələ,
İşvəsini – nazını görəsən!!!
***
Bağışlayın ağa!
Rozunuzun markası nədir?!
4
Bu üçüncü çaydı
Süzürəm sənə.
Bu da soyuyacaq bilirəm
Gəlməyəcəksən
***
Nədən görəndə səni
Kırıxıram
Doğurdan?!
***
Bu üçüncü çaydı
Süzməyim gəlmir özümə
Bu da soyuyacaq
Gəlməyəcəksən
Bilirəm…

